Baba Pünhan - "SƏS ELƏ , SƏSLƏ MƏNİ"

Bu payız seçkidir, ey kəs, səs elə, səslə məni,
Tələsib mənsəb üçün əs, səs elə, səslə məni.

Kimi sahildə butulka, kimi boş banka yığır,
Sən də düş qaplara yığ səs, səs elə, səslə məni.

Demişəm dövlət üçün bəsdi ilantək mələdin,
Dedi etməz mənə bu bəs, səs elə, səslə məni.

Quzular qurdlara, vallah, səsi dinməz verəcək,
Dinənin də yeri məhbəs, səs elə, səslə məni.

İşimiz tutsa qatıq, tutmasa ayran içərik,
Niyə lazımdı düşək pəs, səs elə, səslə məni.

Gələcək əsrimizə Sahib İmam Məhdi gədir,
Hələlik işlərimiz nəhs, səs elə, səslə məni.

Bu vəziyyət dəxi cinləndirəcəkdir fələyi,
Dönəcək çərxi onun tərs, səs elə, səslə məni.

Belədir bu, belə olmuş, belə daim olacaq,
Bizə keçmişdir İliç dərs, səs elə, səslə məni.

Belə söz var Bakıya cani Köçəryan gələcək,
Qulağından yapışıb kəs, səs elə, səslə məni.

Başımın üstə Xuda, əldə Quran, dildə Əli,
O hayes, mən də ki, «Türkəs», səs elə, səslə məni.

Babanın bürcünü vallahi, bilənlər bilirəm,
Baba ilə eləməz bəhs, səs elə, səslə məni..

Yorum Gönder

0 Yorumlar