"Oxu" bölməsi

                      * * * * *
Əsas səhifədə paylaşılan əsərlərin yazılı forması
                      * * * * *



Sən demə azadlıq aymış günəşmiş,
O aya o günə həsrət qalmışam.
Həyat səsli küylü bir keşməkeşmiş,
Doğma səsə ünə həsrət qalmışam.

Mənim o yerlərdə ayaq izim var,
Səadət aynası beş dənizim var.
Vəfa xəzinəsi firəngizim var,
Onun ağ üzünə həsrət qalmışam.

Ruhum meydanlara sığmayan alay,
Üç rəngli bayrağım qalx ucal haray.
Öpsün tellərini Xəlil, günəş, ay,
Mən sənin üzünə həsrət qalmışam.

Uzaq diyardayam daş qəfəsdəyəm,
Bir vətən ləhinə teşnə həstəyəm,
Mənə görüş verin səfər üstəyəm,
Balamın gözünə həsrət qalmışam.

Çattırın o gülə gülzara məni,
İtirsən o yerde gəz ara məni,
Qürbəttə qoymayın məzara məni,
Vətən gündüzünə həsrət qalmışam.

Xəlil sən qayasan dərdə dözərsən,
Sən kürsən, xan araz, göygöl xəzərsən,
Yenə o yerləri bir gün gəzərsən,
Demə sən bu günə həsrət qalmışam.
                      * * * * *

Mən bir qulam, yük altında əzilmişəm, qardaşım,
Səvinc bilməz bir məhkumam, ahu-zardır sirdaşım.
Damğa vurub, zəncirləyib tullamışlar zindana,
Qarlı-buzlu cəhənnəmlər məsken olmuşdur bana.
Mənə dinmə, sus deyirsən, nə vaxtacan susacam,
Böhranların, hicranların, məhbəsində qalacam?
Niyə susum, danışmayım, insanlıqda payım var,
Mənim ana vətənimdir talan olan bu diyar.
Niyə susum, danışmayım, Türk yurdudur bu torpaq,
Oğuzların, elxanların vətənində kimdir, bax!
Bu dünyada azadlığı şan şöhrəttən üstün tut,
Alçaqlığı, yaltaqlığı rəzilliyi sən unut!
Necə susum, danışmayım, mən eyləyim xəyanət?
Hanı sevgi, hanı vətən, de harda qaldı millət?
Mən bir qulam, yerim altun, suyum gümüş, özüm ac,
Atam məhkum, anam sail, əlim hər şeyə möhtac.
Mən Türk övladıyam, dərin ağlım, zəkam var,
Nə vaxtacan çiynimizdə gəzəcəkdir yağılar?
Nə qədər ki, hakimlik var, məhkumluk var, mən varam,
Zülmə qarşı üsyankaram, əzilsəm də susmaram!”

                      * * * * *
Dilbəra, bir vaxtı bir keçdik məhəbbət yolların
Aləmi – eşq içrə gəzdik xeyli həsrət yolların

Bir zaman sevdim səni, fəth etdim eşqin zirvəsin
Öylə sandım ki, fələk açmış bu vüslət yolların

Fərqli oldu biz tapan yollarda ta`le qisməti
Sən rahat yollarda gəzdin, mənsə möhnət yolların

Mənlə bahəm getməyə canında tabın qalmadı
Olmuşam tək aşinası xeyli müddət yolların

Sormadın halın, nələr çəkmiş Xəyali sevgidə ?
Nuruna çatmaqdan ötrü keçdi zülmət yolların

                      * * * * *

Bu payız seçkidir, ey kəs, səs elə, səslə məni,
Tələsib mənsəb üçün əs, səs elə, səslə məni.

Kimi sahildə butulka, kimi boş banka yığır,
Sən də düş qaplara yığ səs, səs elə, səslə məni.

Demişəm dövlət üçün bəsdi ilantək mələdin,
Dedi etməz mənə bu bəs, səs elə, səslə məni.

Quzular qurdlara, vallah, səsi dinməz verəcək,
Dinənin də yeri məhbəs, səs elə, səslə məni.

İşimiz tutsa qatıq, tutmasa ayran içərik,
Niyə lazımdı düşək pəs, səs elə, səslə məni.

Gələcək əsrimizə Sahib İmam Məhdi gədir,
Hələlik işlərimiz nəhs, səs elə, səslə məni.

Bu vəziyyət dəxi cinləndirəcəkdir fələyi,
Dönəcək çərxi onun tərs, səs elə, səslə məni.

Belədir bu, belə olmuş, belə daim olacaq,
Bizə keçmişdir İliç dərs, səs elə, səslə məni.

Belə söz var Bakıya cani Köçəryan gələcək,
Qulağından yapışıb kəs, səs elə, səslə məni.

Başımın üstə Xuda, əldə Quran, dildə Əli,
O hayes, mən də ki, «Türkəs», səs elə, səslə məni.

Babanın bürcünü vallahi, bilənlər bilirəm,
Baba ilə eləməz bəhs, səs elə, səslə məni..


                      * * * * *

Dövrə ümid eylədik, dövran da it günündə,
Alim də it günündə, nadan da it günündə

Ağ əllərdə ağ əlcək, o gündən daha əl çək,
Əyində köhnə pencək, canan da it günündə,

Adam girir min dona, macal yoxdu şeytana,
Əsir düşüb insana, şeytan da it günündə.

Əsgərimiz bittənib, nazirimiz əttənib,
Qızlarımız lüttənib, oğlan da it günündə.

Fikir çapır hər yana, güc verirəm qəlyana,
Qıçım girir yorğana, yorğan da it günündə.

Atdılar vətəndaşı, satdılar Vətən daşı,
Qoy Vətənə başdaşı, ehsan da it günündə.

«Qrad» kimi od saçır, guya xalqa yol açır,
Gec tutulur, tez qaçır zindan da it günündə.

Çatdı xəbər hər yana, tez yığışın meydana,
Baltalandı «topxana» meydan da it günündə.

Ay Xocalı, Xocalı, uşaqlı həm qocalı,
Qaçmaqa yox macalı, fərman da it günündə.

Cahan gedir süquta, Quran yetir sübuta,
Kəfən baha, su xılta, insan da it günündə.

İtim, gəl dur önümdə, gəl başına dönüm də,
Sən Pünhanın günündə, Pünhan da it günündə.


                      * * * * *

Yarə tac istədim almaq, dedilər tac olmaz,
Özü baş tacı olanlar taca möhtac olmaz.

Dedilər könlünü bac istədi səndən, verdin,
Qapı qonşumdu dedim, qonşu payı bac olmaz.

Elə tarac edib ömrümdə qəmi şadlığımı,
Küfr olan qəlbdə iman belə tarac olmaz.

Çox içib qanımı, tək saysa Ramazandakını,
Versə kəffarə qohum-qonşuda bir ac olmaz.

Könül, eşq ilə qiyam eylə, əyib zülmə boyun
Qorxudan diz çökənin səcdəsi merac olmaz.

Çox qəzəl yazma, Kamal, müştəri yoxsa az olar,
Gündə bazar açanın şerinə hərrac olmaz.

                      * * * * *

Ən böyüksən , sən böyük gəzsən demək xudmanisən
Varlığın varkən yox olmaqçün var olsan , canisən

ddət hökmün bilmək olmaz , qalma dünyadan kənar
Ruhən əlbət bir xəyalsan anda , cismən anisən

Ömrün hər anın yığıb üst-üstə , inşa etmisən

Sən  zaman memarısan , sən  varlığından banisən

Ömrü daddın , ləzzət aldın , xabi-qəflət boş keçib
Vaxt apardın hər keçən gün ,  bilməmişdin  fanisən

Xan seçib beyyətdə qal , qulsansa - qul , sadiq qalar

Qul qüsur etmiş , kərəm rəhm eylə  göstər , xan isən

Firuz , hər söz dinlənən müddətdə söz , ürfan olar
Az danış , çox dinlə madəm alisən , ürfanisən...

                      * * * * *

Adəm geyimin tərk edib insanə büründün
İns əhlinə xas boşluğa gəldin və süründün
Göydən Yerə düşdün , göyə çıxmaqçün ərindin
Gördükcə götürdün və götürdükcə göründün...
İnsan görünürmüş demək əslində bir insan

Məntiqdə ,təsadüf deyilən paydı məkandan
"Nisada iyirmi altı" - zəifdir Yaradandan
Mənada , həyatdır atılan torpağa candan
Zahirdə nicatdır , qocalan ətdir hər andan
Doğmuş yeni bir körpədi batində bir insan

Hər gün həcilərnən yarışır Həccdə min insan
Birlikdə bir Allahə edir səcdə min insan
Bir kəs dilənir , almır onu vəcdə min insan
Surətdə bir insan ama məxrəcdə min insan
Hesabla bir insan tapılır mində bir insan

İllər gəlir , insan gedir ömrün yolun əzbər
Təkrarlanır insan demək illərlə bərabər
Xatırlasaq hər bir yolu ,yoldaşdı xeyir-şər
Davud , Musa , İbrahim , İsa , pa:k Peyəmbər
Olduqca müqəddəsləşib hər dində bir insan


                      * * * * *

Bir vermiş idim canımı cananəyə,ey vah,
verdim yenə bir də,
Rəhm eyləmədi mən dəli-divanəyə ol şah,
düşdüm qəmə, dərdə.
Gördükcə bəşər felini, çəkdikcə məlalı,
verdim bu sualı,
Yer yoxsa fəna mülkdə mərdanəyə hərgah,
yetməzmi bu mərdə?
Eşq əhlinə Məcnunmu görən eylədi təsir,
Leylamı müqəssir,
Əfsus ki yox kimsə bu əfsanəyə agah
biçarə bəşərdə.
Can mülkünü şər əhli satıb bəngü şərabə
gər etsə xərabə,
Bülbüllük edərdim mən o viranəyə, billah,
axşam da, səhər də.
Hər şəb yeni bir ömr idi, atəş kimi vardım,
yandıqca yanardım,
Şəmin özüdür hər gecə pərvanəyə məddah,
eşq atəşi sərdə.
Nakamlığı qəlbimə həkk etmərəm əsla,
şəkk etmərəm əsla,
Yox fərqi nə mey süszə də peymanəyə ol mah,
şəkkər də, zəhər də.
Arif, bu fəna ömr qərib, dövr qəribə,
baş qoşma rəqibə,
Çəksən bəs edər bidilü biganəyə bir ah
qalsın külü yerdə.

                      * * * * *

Qəlb ismin əzizlər, necə ki, mavi dənizlər
Sahildəki boz qumları oxşar və əzizlər.

Hicran uzun olduqca, əzizim, bizim evdə
Üst-üstə şeirlər yığılır, sizdə cehizlər.

Gəzsən çəməni valeh olar hüsnünə güllər,
Əlvan kəpənəklər səni kölgən kimi izlər.

Sevdim, yaxın oldu o qədər ruhuna ruhum,
Bundan yaxın olmur ana bətnində əkizlər.

Könlümdə bütün sadə olanlar qəliz oldu,
Ömrümdə isə sadələşib getdi qəlizlər.

Dərk eylə, Kamal, birdəfəlik diz çökəcəksən
On yeddi dəfə dəyməsə hər gün yerə dizlər.

                     * * * * *

Bağban, gülləri öyrətmə bu gül xəstəsinə,
Çünki, sahibdir özü güllərin ən yaxşısına

Qəlbimin bağçasının tər gülünün dövrəsinə
Sarmaşıq tək sarılıb, qallam özüm qayğısına

Sancılan hər tikana gərmişəm əlbəttə sinə
Keyləşib, adət edər ruhum onun ağrısına

Çox cızıq çəkdi tikanlarla könül lövhəsinə
Qorxuram yazıq ürək zərbələrə qarşı sına

Sardım, ey gül, səni mən qəlbimin hər zərrəsinə
Nola, bir göz yaşı tök, çatdır ürək yanğısına

Qol – budaq parçalanar, son qoya gül cilvəsinə
Tab gətirməm o zaman bağibanın sarğısına

Bir yazıldıqsa həyat dəftərinin cümləsinə
Bir gedək sonda qələm sahibinin çağrısına

Mahmudam, qəlb elə öyrəşdi gülün iynəsinə,
Dinməz indən belə əsla fələyin qamçısına

                     * * * * *

Canan, fərağın, ömrünü qəhr etmiş, a`şiqin
Cəbrin çoxalsa da, yenə səbr etmiş, a`şiqin

Heç sanmaz idim, əhvi təmamən çətinləşər
Göz yaşın, izlərin boyu nəhr etmiş a`şiqin

Gözdən, o qədri axdı sirişkim ki, dəştdə
Dövründə, sanki, bir yeni bəhr etmiş a`şiqin

Hiss etməz idim illəri, hazırda səd heyf
Sənsizlik, hər bir anını əsr etmiş, a`şiqin

Əhli – təkəbbürəm, məni zənn etmə, vəchi var
Sən tək, ayüzlü yar ilə, fəxr etmiş a`şiqin

Kim məhv edər sükutunu, hər bir zamanını
Yarın, Xəyali -  şəklinə həsr etmiş a`şiqin

                      * * * * *

Solmuş gülüm omrümdə diləklər, çiçək açmaz,
Bəxtim kitabın bağlıyıb artiq fələk, açmaz !

Sənsiz ötüşən qəm dolu günlərdə əzizim

Gəl ki, bürünüb matəmə künlüm,ürək açmaz.

Dostlarda vefasız çixib ah, sən də vəfasiz,
Döyməz qapimi kimsə mənim, heç külək açmaz.

Heyran eliyən aşiqi zahirdə baxışlar
Batində yatan sirrini açsın gərək, açmaz.

Söz süfrəsi açmış yenə şair sənə ey gül,
Çoxlar buna cəhd eyləsə də Hali tək açmaz!

                      * * * * *

Surəti – məhbubu mən biçarə, loğman bilmişəm
Qeybdən təşrif edən ən ali mehman bilmişəm

Xəstə dərvişi - rəhi - sevdayə bisəhman demə
Ta əzəldən böylədir qaidə, səhman, bilmişəm

Dilbərin anidən izhar olduğu röyanı mən
Surəti – yövmi – vüsali - huri qılman bilmişəm

Hərf - hərf, hər bir sözün müştaqiyəm, aləm bilir
Ali söz mülkündə canı, mən də, qurban bilmişəm.

Mahmudam, dərd etmərəm, mən dərdə həmdərdəm deyə.
Dərdə dərman gəzmirəm, çün dərdi dərman bilmişəm

                     * * * * *

Ərz eyləyirəm dərdimi hərgün, ona çatmır
Sonsuzluğa çatmaqçün həyatım sona çatmır

Birtək mənə qəlbimdəkini duymamağıyçün
Yarın bu qədər girməyi dondan dona,çatmır

İnsan düşür ardınca zamanın, gedir ancaq
Fayton qoyan izlər sürünür, faytona çatmır

Bir yerdə dayanmır qəmi-hicran ilə könlüm
Hər dəfə səadət quşu istər qona, çatmır

Çox nazlı gözəllər gələ , verməz dəyər aşiq
Doxsan dənə minlik axı bir milyona çatmır.


                      * * * * *

Qul tək yaşasam, söyləmə, olmaz daha dərdim
Dünya da ver, azadəlik əladı deyərdim

İllərcə əsarətdə qızılgül tək olunca
Azadlıq olan çöldə tikan tək böyüyərdim

Zülmə baş əyincə bir an, azadlığa doğru
Səbr ilə gecə-gündüzü qırx il yeriyərdim

Qəddarə olub qul tək, haram malla şişincə
Azadlığıma şəm' misalı əriyərdim

Sultanlığa çatmağçün avam xalqı qırınca
Öz nəfsimi bir ağ kəfən ilən bələyərdim

Dünyada söz azadlığı yoxdur ki, Xəyali
Olsaydı bu misraləri söznən bəzəyərdim

                     * * * * *

Ey könül, dərk eylə ki dünya nəzarətsiz deyil
Hər şeyə var bir səbəb, heç bir şey illətsiz deyil

Söyləmə çoxdur günah, yoxdur yolum, biçarəyəm
Hər kəsin bir səhvi var, heç kəs qəbahətsiz deyil

Saxlamaz bir bəndənin haqqın o digər bəndədə
Qaytarar məhşər günü, Allah ədalətsiz deyil

Keçmişin təsiridir hər gün nə çıxsa qarşına
Yaddaşından tez çıxar, Rəbbinsə diqqətsiz deyil

Mahmuda, həsrət şirindir, çək o yarın həsrətin
Ən gözəl, ən xoş vüsal əlbəttə həsrətsiz deyil

                      * * * * *

Toxunur son nəfəsim tellərinə meh yerinə,
Gül yanaq üstünə göz yaşı düşür şeh yerinə.

Ağlayır indi mənimçün, elə bil ki, bir ömür
Oynadan özgəsidir qəlbimi təsbeh yerinə.

Bu nə sevdadı, könül, can əvəzində bizə yar
Vəslini vəd edib hicrinsə verib beh yerinə.

Ona huri dedim, olmaz dedi səndən qılman,
Gül dedim, güldü, dedi düşmədi təşbeh yerinə.

Ey Kamal, şair odur ki, yaza zövq əhli üçün,
O deyil xəlqə nəsihət verə naseh yerinə.

                      * * * * *

Səndən dilərəm ki mənə rəhm eylə, ilahi
Aşkardadı hər şey sənə, rəhm eylə, ilahi

Nəfsim mənə düşməndi, savaşdım gecə-gündüz
Qoyma baş əyim düşmənə, rəhm eylə, ilahi

Rəhm eyləmisənsə mənə bir də'fə, ümid var
Sonsuzdur ümidlər yenə rəhm eylə, ilahi

Onsuz düşəcəm get-gələ qovsan da qapından
Asi qulunam, bəndənə rəhm eylə ilahi

İmanı verib Mahmuda sən, zirvəyə qoydun
Lütf et,onu qoyma enə rəhm eylə İlahi...

                     * * * * *

Gecənin günahı yoxdur, gözümə çökür qaranlıq
Məni nuri – kainatdan özünə çəkir qaranlıq

Gözümün önündə parlaq yenə canlanır xəyalın
Hər iki tərəfdən ancaq işığı bükür qaranlıq

Bu həyatın iztirabı necə sızladır bu canı ?!
Nəzərimdə sanki buzlaq yerə çevrikir qaranlıq

Kim əgər ki nəfsə qulsa, yaşayar o zillət içrə
Kimə şeytan olsa hakim, qalar hər fikir qaranlıq

Günahın çoxaldı, Mahmud, ləkə saldı qəlbə kir tək
Saf olan bu qəlbə, bil, çökdürür adi kir qaranlıq

                      * * * * *

Ürkək baxışın odlasa da canı, filanı,
Bənzətmərəm əsla sənə ceyranı, filanı.

Səndən söz açan kəs sənə təşbeh tapa bilməz,
Şer aləminin olsa da sultanı, filanı.

Mən düz baxıram, sən necə varsan elə görsən,
Görsəm kor olum səndəki nöqsanı, filanı.

Sən qeyri-müsəlman belə olsan mənə xoşdur,
Eşq hərləmir onsuz da müsəlmanı, filanı.

Sevdim səni, eşqim mənə Allahı tanıtdı,
Vallah, oxumaqla deyil irfanı, filanı.

Sənsən səbəbi göz yaşımın, ey gözü yaşlım,
Mən yoxsa yaxın qoymaram hicranı, filanı.

Pis-yaxşı, Kamal, qəlb evim abad olub, amma,
Zövqümcə deyil təmiri, səhmanı, filanı.

                      * * * * *

Dua çatmırsa Allahə, günahın çoxluğundandır
Günahın əfvi, əlbət, hər gün ahın çoxluğundandır...

Əgər dünya sənin olsa, gözün doymaz, səbəb gəzmə,
Bütün varın çoxaldıqca, tamahın çoxluğundandır

Görüb haqqı, dananlar var, özün sultan sananlar var,
Yəqinimdir ki, qanunsuz nigahın çoxluğundandır

Üzün tut eyni bir səmtə, çün eşqin qibləsi birdir.
Həqiqətdən dönüklük qibləgahın çoxluğundandır.

Xəyali, həqdən üz kim döndərərsə, ondadır təqsir
Nə "şah"ın çoxluğundandır, nə rahın çoxluğundandır.

                      * * * * *

Çatmışıq bir dövrə, nə məzhəb nə də məslək qalıb
Sıxlaşan bica fikirlərdən ağıl seyrək qalıb

Gördüyüm, hiss etdiyim, zənn etdiyim, vəsf etdiyim,
Sandığım çox şey yalanmış, tək Xuda gerçək qalıb

Tək şəhadət kəlməsin bilməklə canın qurtarar ?!
Biəməl çox söz deyən var, son nəfəs pəltək qalıb

Qalmayıb "yurdum" deyib car etdiyimdən bir əsər
Gül solubdur, danə yox, torpaq gedib, dibçək qalıb

Bəlkə də, tək qalsa, "tənhayam" - deməz Mahmud, yəqin
Cismən insan içrə çox gəzdikcə, qəlbən tək qalıb

                      * * * * *

                         Ata

Bəxş edən bizlərə aləmdə şərəf-şan atadır
Allahın nurunu əks etdirən insan atadır
Həm edən bərrü biyabanı gülüstan atadır
Həm edən ibrəti aləmdə nümayan, atadır

Atasız, bir kəsin Allaha çatar fəryadı
Çün, odur,bu dirilik məktəbinin ustadı
Əfvi tək, həm də cəzası, böyüdür övladı
Səni, canından əziz, saxlayan insan, atadır.

Şən həyat notları dövr eyləyəcək ləng, atasız,
Pozular notların üstündəki ahəng, atasız...
Verməz ömrün bağının gülləri min rəng atasız
Səbəb oldur ki, ömr bağına bağban atadır

Odur övladı məşəqqətdə ikən köks ötürən
Darə düşdükdə təlaş ilən özün tez yetirən
Sözünü yaddaşa həkk et əbədi, çün gətirən
Bu pərakəndə həyat tərzinə səhman, atadır

Dediyi hər sözün ardında, neçə hikmət var
Bu həyat məktəbinin, verdiyi bir q…

                      * * * * *

Bəsdir, söz içrə yatma, zühur eyləmək gərək
İndi, əgər nədirsə zərur, eyləmək gərək

Bəsdir, bəyazı nəqş elədim, lövhi - könlümə
İndi, bəyazın üstünə nur eyləmək gərək

Bəsdir ki dinlədim daha bu könlümün səsin
İndi, nə söyləyirsə şüur, eyləmək gərək

"Bəsdir" - demək, gözəl gülə, uyğunmu aşiqə ?!
İndi, sınıb önündə, qürur eyləmək gərək

Bəsdir, sükut içində, Xəyali, yox olduğun
İndi, nəfəs dərib sözü şur eyləmək gərək

                      * * * * *

Yorum Gönder

0 Yorumlar