Ədəbi Janrlar - HEKAYƏ , ROMAN


Hekayə - Yazılı ədəbiyyatın və epik növün olduqca geniş yayılmış janrıdır. Süjetli nəsrin üç - hekayə, povestroman janrlarının həcmcə ən kiçiyidir. Əsasən tək süjetdən, yaxud bir neçə süjet üzərinə köməkçi süjet vasitəsiylə fikirlərdən ibarət olur.
Hekayə epik növün həcm etibarilə kiçik bir janrıdır. Bu janrda müəllif bir və ya bir neçə surətlə bağlı olan konkret bir əhvalatı yığcam şəkildə təsvir edir. Hekayə nəsrlə yazıldığı kimi, nəzmlə də yazıla bilir. Nəzmlə yazılmış hekayəyə mənzum hekayə deyilir.Belə əsərlərdə əhvalatın geniş təsvirinə ehtiyac duyulmur. Yazıçı, əsasən, bir surətin həyatı və taleyindən, konkret bir hadisədən danışır. Hekayədə obrazların sayı elə də çox olmur. Azərbaycan ədəbiyyatında hekayə janrı XIX əsrdə formalaşmış XX əsrdə inkişaf etmişdir.Ədəbiyyatımızda nəsrlə yazılmış ilk müstəqil hekayə janrının banisi Abbasqulu ağa Bakıxanov hesab edilir. Həmin hekayə “Kitabi-Əsgəriyyə” adlanır və 1837-ci ildə yazılıb. C. Məmməd­quluzadənin “Poçt qutusu”, Ə. Haqverdiyevin “Mirzə Səfər” əsərləri nəsrlə yazılmış hekayə janrına ən gözəl nümunələr kimi göstərilə bilər. Hekayə janrının gözlənilməz sonluqla bitən formasına novella deyilir. Novellanı hekayənin digər şəkillərindən fərqləndirən ən əsas cəhət ondakı məzəlilik, hadisənin qeyri-adi sonluqla bitməsidir. Bəzən əsərin adı oxucuda hadisəni təsəvvür etmək düşüncəsi yaratsa da, sonradan həmin əsərdə tamam fərqli süjetlə qarşılaşır. C.Məm­mədquluzadənin “Qurbanəli bəy”, Ə. Haqverdiyevin “Bomba”, M. Cəlalın “Badamın ləzzəti” hekayələri novella nümunəsi sayıla bilər. Dünya ədəbiyyatında hekayəni bəzən sadəcə novella da adlandırırlar. Ədəbiyyatımızda nəzmlə yazılmış hekayələr də var. Nəzmlə yazılan hekayələrə mənzum hekayə deyilir. Ən qədim mənzum hekayələr Nizami Gəncəvinin “Sirlər xəzinəsi” poemasındakı heka­yələrdir. Həmin hekayələr müstəqil işlənməmişdir. Poema janrında yazılmış əsərin tərkib hissəsidir. Sonrakı dövrlərdə A. Bakıxanov, Q. Zakir, S.Ə. Şirvani, M.Ə.Sabir və başqaları mənzum hekayələr yazıblar. Ədəbiyyatımızda nəsrlə yazılmış hekayələr mənzum hekayələrdən daha çox yayılıb.

Roman — yazılı ədəbiyyatın və epik növün ən irihəcmli janrı.
XII-XIII əsrlərdə ispanitalyanfransız dillərində yazılmış hər bir nəsr əsərinə roman deyilirdi.
"Roman" sözü fransız, ispan, italyan və s. dillərinin daxil olduğu roman dil qrupunun adı ilə bağlıdır. Bu dillərdə təhkiyə üsulu ilə qələmə alınan hər hansı bədii əsər XII-XIII əsrlərdə roman adlandırılsa da, sonralar roman xüsusi janr kimi formalaşmışdır. Roman epik növün həcm etibarilə ən böyük janrdır. Romanda təsvir edilən hadisələr və surətlər povestlə müqayisədə xeyli çoxdur. Hekayə və povestdə yazıçı, adətən, qəhrəmanın həyatının müəyyən bir mərhələsini təsvir etdiyi halda, romanda yazıçı qəhrəmanı dinamik inkişafda göstərmək, bəzən onun bütün ömür yoluna nəzər salmaq imkanı qazanır. Silsilə təşkil edən iki hissəli roman dilogiya, silsilə təşkil edən üç hissəli roman trilogiya adlanır. Mehdi Hüseynin "Abşeron" və "Qara daşlar" romanları birlikdə dilogiya təşkil edir. Məmməd Səid Ordubadinin "Gizli Bakı", "Döyüşən şəhər" və "Dünya dəyişir" romanları isə trilogiya sayılır.
Dilogiya və trilogiyalarm hər hissəsi müstəqil roman sayılır və hər birinin də, bir qayda olaraq, öz müstəqil adı olur. Sadəcə, bu müstəqil romanları az-çox eyni mövzu və eyni obrazlar birləşdirir.

Yorum Gönder

0 Yorumlar