Ədəbi Janrlar - XATİRƏ , FELYETON , PYES , TƏMSİL

Xatirə yaxud memuar — oçerk kimi faktiki həyat materialı və sənədlilik əsasında yazılır. Amma oçerkdən fərqli olaraq, xatirədə konkret bir şəxsdən bəhs etmək məhdudiyyəti yoxdur. Xatirədə əsas şərt müəllifin iştirak etdiyi, şahidi olduğu hadisələri təsvir etməkdir. Bundan əlavə, xatirədə həcm məhdudiyyəti də yoxdur. Xatirə həcmcə oçerkdən xeyli böyük də ola bilər. C.MəmmədquIuzadənin "Xatiratım", A.Şaiqin"Keçmiş günlər", Ö.F.Nemanzadənin "Xatirələrim", S.Rüstəmin "Unudulmaz müəllim", M.Hüseynin "Bir ay, bir gün", Anarın "Sizsiz" əsərləri xatirə nümunələridir.
Dəqiqlik, tarixi həqiqətin gözlənilməsi memuar janrının mühüm xüsusiyyətləridir. Bu janrda yazılan əsərlərdə şəxsiyyətlərə, hadisələrə müəyyən fərqli yanaşmalar da ola bilər.

Felyeton (fr. feuilletonfeuille — "səhifə") – qəzet-jurnal səhifələrində çap olunan əsərlərin, əsasən, satirik şeirin xüsusi növü. Həm nəsr, həm də nəzmlə yazılan felyetonda ictimai həyatın mənfi cəhətləri tənqid olunur və lağa qoyulur. Felyetonun ilk dəfə meydana çıxdığı Fransada keçmiş zamanlarda teatr və ədəbiyyat aləmindəki hadisələrə dair məzəli və kəskin tənqidi məqalələr felyeton adlanırdı.
Azərbaycanda ilk dəfə felyeton janrını ədəbiyyatımıza Mirzə Ələkbər Sabir gətirmişdir

Pyes (fr. Pièce - hissə, parça, əsər) — səhnədə göstərilmək üçün yazılmış dram əsəri.
Strukturuna görə pyes obrazların dialoq və monoloqlarından və müəllifin qeydləri olan remarkalardan ibarət əsərdir. Pyes anlayışının özü formal xarakter daşıyır və hər hansı bir stil və ya emosionallıq kəsb etmir. Bu səbəbdən pyes müəllifi əsərin janrını başlıqda qeyd edir: klassik olaraq, dramkomediya və faciə. Bəzən isə "üç hissəli dialoq", "pyes-parabola" və s. qeydlər mövcud olur.
Təmsil — epik növün ən qədim janrlarından biridir. Təmsil həcmcə kiçik olur, lakin dərin məna ifadə edir. Təmsilin əsas xüsusiyyəti tənqidi və satirik məzmunda olmasıdır. Sənətkar insanlara xas olan nöqsanları, eyibləri ayrı-ayrı əşya, bitki və heyvanların timsalında əks etdirir. Təmsildə təbiət cismləri və heyvanlar şəxsləndirilir - insan kimi danışdırılır. Ədəbiyyatşünaslıqda buna təşxis deyilir.
Təmsil əxlaqi-tərbiyəvi və nəsihətli səciyyə daşıyır. Adətən, təmsilin sonunda müəllif öz fikrini kiçik nəsihət şəklində bildirir. Məsələn, M.Ə.Sabir "Qarğa və tülkü" təmsilinin sonunda belə bir əxlaqi-tərbiyəvi fikir bildirir:
Olmasaydı cahanda sarsaqlar,
Ac qalardı yəqin ki, yaltaqlar.
Təmsil əsasən nəzmlə yazılır. Dünya ədəbiyyatında nəsrlə yazılmış təmsillər də vardır.Unutmayın təmsil bitki və heyvanların insanların xüsusiyyətlərinə bənzədilməsidir.

Yorum Gönder

0 Yorumlar