Ədəbi Janrlar - OÇERK , POVEST , ESSE


Oçerk — epik növün həcm etibarilə hekayəyə yaxın janrıdır. Hekayədən fərqli olaraq, oçerk faktiki həyat materialı, sənədlilik əsasında yazılır. Bu o deməkdir ki, yazıçı qəhrəmanm adını, tərcümeyi-halının səciyyəvi faktlarını real həyatda necə varsa, o şəkildə də saxlayıb əks etdirir. Düzdür, hekayədə olduğu kimi, oçerkdə də müəllif tipikləşdirmə və ümumiləşdirmə aparır, bədii təsvir və ifadə vasitələrindən istifadə edir, amma yazıçı fantaziyasına, təxəyyülünə geniş yol verilmir. Oçerklə tanış olan oxucu söhbətin konkret olaraq kimdən, real həyatda yaşayıb fəalliyyət göstərən hansı insandan getdiyini dərhal başa düşür. Oçerkdə bədiilik elementləri də olur. Oçerk bədii publisistikaya yaxın janrdır. Azərbaycan ədəbiyyatında Mir Cəlal, Əvəz Sadıq, Nurəddin Babayev və başqaları oçerkin gözəl nümunələrini yaratmışlar

Povest — danışıq, təhkiyə deməkdir.Povestə bəzən böyük hekayə deyilir. Çünki povestlə hekayə bir-birinə yaxın janrlardır. Hekayədən fərqli olaraq, povestdə bir yox, bir neçə əhvalatdan bəhs olunur və təsvir olunan surətlərin sayı da hekayədəki surətlərin sayından bir neçə dəfə çox olur. Cəlil Məmmədquluzadənin “Danabaş kəndinin əhvalatları”, Ə. Vəliyevin “Gülşən”, M. Hüseynin “Kin”, M. Cəlalın “Dağlar dilə gəldi” və s. əsərləri Azərbaycan ədəbiyyatında povest janrının gözəl nümunələri hesab olunur.
Povestdə obrazların sayı hekayədə iştirak edənlərin sayından xeyli artıq, həyat hadisələrinin əhatə dairəsi geniş, surətlərin təsviri daha dolğun olur. Məsələn, Cəlil Məmmədquluzadənin "Poçt qutusu" hekayəsini "Danabaş kəndinin əhvalatları" əsəri ilə müqayisə etdikdə birincidə obrazların (Novruzəli, xan, poçt işçisi) sayının ikincidəki obrazlardan (Məhəmmədhəsən əmi, onun oğlu, Xudayar bəy, Zeynəb, onun oğlu Vəliqulu, qızları Fizzə və Ziba, Kərbəlayi Cəfər, Axund və s.) qat-qat az olduğu aydın görünür. Azərbaycan ədəbiyyatında ilk povest Mirzə Fətəli Axundovun "Aldanmış kəvakib" əsəri sayılır

Esse – kiçik və ya orta həcmdə olan, bir çox elmi sahəyə müraciət olunan nəsr janrı. Esse fransız sözü olub, mənası sınaq, təcrübə, oçerk deməkdir. Tənqid və ədəbiyyatşünaslığın müəyyən bir problemi sərbəst surətdə izah etməsi ilə fərqlənən janrı.
Daha çox ədəbiyyatda istifadə olunur. Essedə məqsəddəki fikri bildirmək üçün fəlsəfi ifadə, yanaşma, təhlildən istifədə edilir.
Ədəbiyyatşünaslıq, avtobioqrafik, biografik məqalələr, psixoloji, tarixi, politoloji, siyasi və başqa təhlillər əsasən esse janrı üzərində qurulmuşdur.
Esse problemin sərbəst şəkildə qoyuluşudur. Essenin müəllifi seçdiyi problemi (ədəbi, etik, fəlsəfi və s.) təhlil və izah edərkən ifadə tərzinin sistemli, ardıcıl, gəldiyi nəticələrin əsası, hamı üçün eyni dərəcədə məqbul olması qayğısına qalmır.
Essenin əsasını fransız yazıçısı və humanist filosofu M. Monten qoymuşdur.

Yorum Gönder

0 Yorumlar