Elmar Salahi Həsənov - "QƏZƏL"


Gedir zəmanə çox səri,Xuda bilir bu məzhəri,
Kimin səfadır əvvəli,kimin bəladır axəri,
Bəla demişkən,ey pəri-
Bu bizdə ibtidaidir,
Atam da Kərbəlaidir,anam da Kərbəlaidir.

Üzündə dəşti-Kərbəla,firuzə gözlərində nəm,
İcazə ver baxım,günəş batınca yatma bir dənəm,
Gözəllik aşinasının gözündə pürbəha mənəm,
Gözün demişkən,ey sənəm-
Dənizdi,sanki,maidir,
Payız havalı tellərin qiyası kəhrəbaidir.

Güləndə bəxş qılmışam sevinci valideynimə,
Sevinci valideynimin fikir gətirdi beynimə,
Rüqəyyənin bəşarəti işıq verib Hüseynimə,
İşıq demişkən,eynimə-
Ziya verən fənaidir,
Günəş qızım qədər,qızım günəş qədər şüaidir.

Nigarımın əkizisən,baxaq bu eşqə dincələk,
O şəxsin ağuşunda yat,ki,şəkkə düşməsin fələk,
Pıçıldasın qulağına,mələk desin ki,yat gələk,
Mələk demişkən ey mələk-
O,sən yatanda daidir,
Dəmadəm hifz edir səni,demək,mələk də raidir.

Dəvam elə Səlahi,yaz,sənin əlindədir ələm,
Qalanda valid olmağa,bu barədə mükəmmələm,
Mükəmməl olmasam da mən qəzəldə,səndən əfzələm,
Qəzəl demişkən,ey qələm-
Nə yazmısan həvaidir,
Bu şe'rdən səvayi hər nə varsa ictimaidir.

Yorum Gönder

0 Yorumlar