Hacı Arif Buzovnalı - "QAPISIN"

Etməsən sidq ilə ünvan Şahi-Mərdan qapısın,
Qeyri-mümkün açasan Rövzeyi-rizvan qapısın.

ƏLİdən istə nicatı, odur aqillərə yar,
Nə rəvadır gedib aqil döyə nadan qapısın.

Hər qapı həqqə yetirməz səni, axtar çətinin,
Yoxsa nəfs iylə nə var açmaga şeytan qapısın.

Aç bəsirət gözüvü bir qapı açmazdan əzəl,
Bu göz əlbəttə sənə göstərər ürfan qapısın.

Buğda boyda bir əməl sahibisən hökmüvə bax,
Guya bir mur eləyib fəth Süleyman qapısın.

Qətrədən ötrü,nə dəvadı bu bir dövrüdə ki,
Dağıdır kafərin ümmanı müsəlman qapısın.

Düşdüyün eşq ƏLİ eşqi deyilsə nə vüsal,
Boşuna min yol açıb bağlama hicran qapısın.

Bu qapıyçın bir açar var ki,sədaqətdi adi,
Ki gədazadə açar sidq ilə sultan qapısın.

Can quşun, Şəhri-Nəcəf səmtinə göndər Arif,
Qoy ziyarət eləsin bir dəfə canan qapısın…

Yorum Gönder

0 Yorumlar