Kamal Hüseynzadə - "FİLANI"

Ürkək baxışın odlasa da canı, filanı,
Bənzətmərəm əsla sənə ceyranı, filanı.
* * *
Səndən söz açan kəs sənə təşbeh tapa bilməz,
Şer aləminin olsa da sultanı, filanı.
* * *
Mən düz baxıram, sən necə varsan elə görsən,
Görsəm kor olum səndəki nöqsanı, filanı.
* * *
Sən qeyri-müsəlman belə olsan mənə xoşdur,
Eşq hərləmir onsuz da müsəlmanı, filanı.
* * *
Sevdim səni, eşqim mənə Allahı tanıtdı,
Vallah, oxumaqla deyil irfanı, filanı.
* * *
Sənsən səbəbi göz yaşımın, ey gözü yaşlım,
Mən yoxsa yaxın qoymaram hicranı, filanı.
* * *
Pis-yaxşı, Kamal, qəlb evim abad olub, amma,
Zövqümcə deyil təmiri, səhmanı, filanı.

Yorum Gönder

0 Yorumlar