Xəyali Mahmudlu - "BƏZƏYİ QƏDƏR"


Səs salsam bir canlı eşitməz məni
Çöllərin cansız daş - kəsəyi qədər
Şaxtalı küləklər üşütməz məni
Yanımdan keçənin küləyi qədər

Şair vəsf etməsə sənəmi, yazmır
Millətin çəkdiyi sitəmi yazmır
Yüz təzə yazarın qələmi yazmır
Bir köhnə şairin lələyi qədər

Zərbədən tuş gəlib sızlasan əgər
Tələsmə həkimə, düşün bir qədər
Kürəkdən zərbələr alsa bir nəfər
Kürəyi ağrımaz ürəyi qədər

Kimin ki pul olsa çıxmaz sədası
Təklikdə həyata olar vidası
Varlının özündən baha qidası
Tam verməz kasıbın çörəyi qədər

Dərdin bil qohumun, qonşularının
Əsiri olma öz duyğularının
Vicdana xeyri var göz sularının
Yağışın torpağa köməyi qədər

Mahmud gözəlliyə vurğun olardı
Baxıb təbiətə məftun olardı
İndi də həyatdan məmnun olardı
Mənası olsaydı bəzəyi qədər

Yorum Gönder

0 Yorumlar