Kamal Hüseynzadə - "OLMAZ"

Yarə tac istədim almaq, dedilər tac olmaz,
Özü baş tacı olanlar taca möhtac olmaz.

Dedilər könlünü bac istədi səndən, verdin,
Qapı qonşumdu dedim, qonşu payı bac olmaz.

Elə tarac edib ömrümdə qəmi şadlığımı,
Küfr olan qəlbdə iman belə tarac olmaz.

Çox içib qanımı, tək saysa Ramazandakını,
Versə kəffarə qohum-qonşuda bir ac olmaz.

Könül, eşq ilə qiyam eylə, əyib zülmə boyun
Qorxudan diz çökənin səcdəsi merac olmaz.

Çox qəzəl yazma, Kamal, müştəri yoxsa az olar,
Gündə bazar açanın şerinə hərrac olmaz.

Yorum Gönder

0 Yorumlar