Firuz - "ZAMAN"

 

Ömrümüz tələsir saatımızda,

Qocalıq sürətin nişanəsidir.

Ölümdən sonrakı həyatımızda,

Bir insan bir həyat hekayəsidir.


Qocayam , özümü yaşanmış günə,

Hər səhər yenidən hazırlayıram.

Oyanıb hər şeyi unutsam , yenə...

Yatarkən ölümü xatırlayıram.


Kor oldum ... , yaşadım qara bir ömür,

Gözlərim görürdü hər nəfəsimi.

Kar oldum... , İlahi yenə də şükür,

Qulağım eşidir ürək səsimi.


Zamanın əlindən tutub gedirəm,

Yaş ötüb, ayaqlar sözümə baxmır.

Taqətim tükənib, xahiş edirəm...

"Bir qədər dayanım", məni buraxmır.

Deyəsən bu yolun sonu yetişir

Bilmirəm yaxşıdır yoxsa ki pisdi

Hislərim zamanla yerin dəyişir

Bəzən çox soyuqdur, bəzən çox isti

Saatım dayanır, hər yer qaralır

Hekayə başlayır, bitir bir insan

Bilmədən hislərin qurbanı olur 

Zamanın gözündən itir bir insan

Yorum Gönder

0 Yorumlar